SlideShow

4

Hörmətlə,sevgiliyə

Təkbaşıma bütün küçələri gəzərkən düşündüyüm iki şey var:1)Sənin gözəlliyin;2) Və ölümün. Bu fikirlər ikisi də eyni anda zehnimdə sərbəstcəsinə gəzib dolana bilir.Və mən hər günün sonunda zehnimin sərhədlərinə yeni bir məftil toxuyuram.Məni bütünüylə özümdən çıxartdığın üçün özümə mi qarğış edim yoxsa sənə mi bilmirəm.Zaman su kimi axıb gedir və mən üzümə gələn hər yeni dalğada boğulmamaq üçün əlləşirəm.Hansı ki o dalğalarda sənin yelkənlərinə sığınmaq varkən.Bütün qapılarımı sonuna qədər açmışam və səndən əvvəl yazdıqlarım ayaqlarının altına sərilən tozlu xalçaları xatırladır.Bircə addım irəli atmağın bütün hər şeyi silib süpürə bilər.Keçmişin izlərini,indinin tozunu və gələcəyin dumanını.Hər səhər oyanan kimi artıq telefona saatı öyrənmək üçün baxmıram.Bu gülünc gələ bilər,ancaq mən hələ də içimdəki ən az parıltılı ümiddən yapışmışam.Sənin məni bircə cümlə ilə qarşılayacağın o məktubu gözləmək ümidi.Hardasa bir kəpənək olsam deyirəm.Sənlə yayın 3 gününü yaşasam və ölsəm.Ömrümün geridə qalan illəri vecimə deyil.Əgər bu qədər qısa müddət içində bütün daşlar bir anlıq yerinə oturdusa və sönülü hər şey bir anlıq işığa qərq oldusa demək ki bunda bir sehir var deyə düşünürəm.Xeyr,mən yanılmıram.Öncəsində heç vaxt belə bir sehir görməmişdim.Sən gördüyüm və tanıdığım ən güclü və ən sirrli sehirbazsan.Bu cümlələr sənə tanış gələ bilər hər hansı bir kitabın hər hansısa bir səhifəsindən.Ancaq indən belə bunlar mənimdir,sənindir və bizimdir.Əgər bunları hiss edə bilirsənsə demək ki artıq onlar sənindir. Həssaslaşmışam.İçimdə sənə qarşı sevgi varkən digər hisslər və qayğılarım sənin yanında çox zəif görsənir.Çox cılız görsənir.Çox yumşaq.Yumşaq hərflərlə mənə nələrisə yazmağın məni içinə qağandığım otaqlardan çıxarda bilər.Elə yumşaq yaz ki,yay küləkləri belə onları pəncərəmə uçurda bilsin.Və gözüm tavana baxarkən gözlərimin üzərinə düşən o yazıda səni hiss edə bilim.
0

Boz küçələrin səfili

Darıxdım.O posterləri,o dəftərləri və o cd-ləri görən kimi dərhal darıxdım.O kitabları görən kimi darıxdım.Hər şeyin geriyə dönməyini arzuladım bir anlıq.Ya da ki keçən yay.Ondan öncəki yay,ondan öncəki qış,ondan da öncəki payız,yaz,yay.Hər şey geriyə dönsün,dostum. Bundan əvvəlki fəsillərin sanki bir hədəfi və yaxud məqsədi var idi.Nəsə bir ümid var idi və həyatım o ümiddən asılı idi.Bu əslində zövqverici və sevincli idi.Sevinirdim,yaşadığımın fərqinə varırdım və sevinirdim.O lənətə gələsi dörd divarlı otaqlarda yaşadığımın fərqinə varırdım. Məncə fəsilin digər fəsildən solğun olmağı həqiqəti hamınıza məlumdur.Fəsil deyil,hətta dəqiqə dəqiqədən rəngsiz gəlir.Su kimi axıb gedən şeyin nə olduğunu bilmirəm,amma bu heç də xoş deyil.Hər şey bir-birini əvəzləyir,sürətlə dibə doğru enirəm və heç nəyi geriyə qaytara bilmirəm.Artıq heç nə əvvəlki kimi olmayacaq,bunu bilirəm.Mən öz rəngimi itirirəm və rəng qutusu tək xoşbəxtliyimdir.Kimin əlində olduğunu bilmirəm artıq o rənglərin,o qutuların. Səndə,onda ya sizdə? Mənə cavab verin cənablar,xanımlar,hörmətli padre.Dəyərli rahibə,cavab ver mənə.Müqəddəs Məryəm,dəyiş sifətindəki o mimikanı,bir az da gül.Ən azından yanına gələn bu bəndənin vəziyyətinə gülməlisən. ..............................​..............................​..............................​..............................​..................... Hər günümü son gün kimi yaşadığım o xəstəxana korridorları.İnancımın itib,yenidən peyda olduğu o məhkəmə salonları.Allahın yadına düşmədiyim,daş kimi möhkəm,buz kimi soyuq yerdə uzandığım o sığınacaq döşəkçələri.Sözün ağızlarda donduğu şaxtalarda minik gözlədiyim,gah boz,gah da ağa,qaraya çalan Bakı küçələri.Hamısı üçün darıxıram. Hə,bir də yadıma düşmüşkən o dumanlı səhərlərdə yerindən çıxmaq istəməyn bir günəş də var idi.Hansı ki buludların dalında gizlənirdi.Mən inanmaq üçün onun tərəqqisini görmək istədim,amma heç cürə alınmırdı.Qürubundan xeyli məmnun idi günəş.Palçıq dolu küçələr və yağışın əmələ gətirdiyi,hər addımda ayaqqıbımın altını görəcəyim qədər şəffaflığa malik olan sonsuz sayda gah xırda,gah iri gölməçələr.Və ən arxa oturacaqda nəfəsimlə sildiyim şüşə və sınıq-salxaq o oturacaq.Mənə o tıxaclardakı yuxularımı qaytarın.Mənə o qızı göstərin yenidən. Ağ kurtka,mavi portfel,narıncı və buruq saçlı,şəffaf optik eynəkli qızı tapın mənə.Saçları islanmış narıncı qızı tapın mənə. Ucu bucağı görünməyən,dumanlı noyabr sabahları.Çox darıxıram.
0

Buludlar

Bu gecə öləcək kimiyəm, Məni ancaq buludlar anlayar. Bu gecə sönəcək bütün hisslər-içimdə sevgiyə dair, Məni ancaq buludlar anlayar. Buludlar da mənim tək paramparça, Səhərə yaxın yağış yağsa bil ki ağlamışam,ağlamışıq. Eşitdim ki getmisən, Salamat qal,tez qayıt! Uzaqlaş bacara bildiyin qədər, Məni qorxutmur məsafələr, Bakının gözü yolda qalıb, Məni ovutmur artıq nə mesajların,nə də ki,bu sətirlər.
0

Təsadüf

Günorta 3 ya da 4 olardı,dərsdən evəydi istiqamətim, Küçələr toz-torpaq,insanların tıxacı,Bakı-yarımçıq tikililər şəhəri. Və təsadüfən birini sənə oxşatdım, O an sanki ətrafımda hər nə varsa hamısı yoxa çıxdı, Bütün küçə boşaldı. Hamı yoxa çıxdı ikimizdən başqa, Məndən bir az irəlidəki o qız və mən. Bütün bədənim keyidi bir anlıq,çağırmaq istədim səni və Bütün orqanlarım adını məkdi sanki,dilimdən başqa.
0

Sən gedəndən bu yana

Hər tapdığıma sənin adını verirəm və bir az da tələsirəm, Bu xəyanət deyil ki,yalnış anlaşılmadır. Sevgilim,bağışla məni,üzr istəyirəm. Çox,amma çox təəssüflənirəm. Gecələr çəkilməzdir sən gedəndən bu yana, Qələmlər həvəssizdir,amma bütün pəriləri də boğaza yığmışam. Özüm özümü anlamıram, Gah səni günahlandırıram,gah da dərdlərimin səbəbini, Göz yaşlarımı,yediyim çörəyə,soğana soruram. Gülünc günahlarım var-sən gedəndən bu yana. Hərdən sözlər tükənir və qafiyələr çata bilmir görüş yerniə, Cümlələr də mənim tək yarımçıq sənə yazılanda, Digər hissələrim ölüb yenə də, Bütöv ölmək istəyirəm,amma bacarmıram ki, Sən gedəndən bu yana.