SlideShow

0

Boz küçələrin səfili

Darıxdım.O posterləri,o dəftərləri və o cd-ləri görən kimi dərhal darıxdım.O kitabları görən kimi darıxdım.Hər şeyin geriyə dönməyini arzuladım bir anlıq.Ya da ki keçən yay.Ondan öncəki yay,ondan öncəki qış,ondan da öncəki payız,yaz,yay.Hər şey geriyə dönsün,dostum. Bundan əvvəlki fəsillərin sanki bir hədəfi və yaxud məqsədi var idi.Nəsə bir ümid var idi və həyatım o ümiddən asılı idi.Bu əslində zövqverici və sevincli idi.Sevinirdim,yaşadığımın fərqinə varırdım və sevinirdim.O lənətə gələsi dörd divarlı otaqlarda yaşadığımın fərqinə varırdım. Məncə fəsilin digər fəsildən solğun olmağı həqiqəti hamınıza məlumdur.Fəsil deyil,hətta dəqiqə dəqiqədən rəngsiz gəlir.Su kimi axıb gedən şeyin nə olduğunu bilmirəm,amma bu heç də xoş deyil.Hər şey bir-birini əvəzləyir,sürətlə dibə doğru enirəm və heç nəyi geriyə qaytara bilmirəm.Artıq heç nə əvvəlki kimi olmayacaq,bunu bilirəm.Mən öz rəngimi itirirəm və rəng qutusu tək xoşbəxtliyimdir.Kimin əlində olduğunu bilmirəm artıq o rənglərin,o qutuların. Səndə,onda ya sizdə? Mənə cavab verin cənablar,xanımlar,hörmətli padre.Dəyərli rahibə,cavab ver mənə.Müqəddəs Məryəm,dəyiş sifətindəki o mimikanı,bir az da gül.Ən azından yanına gələn bu bəndənin vəziyyətinə gülməlisən. ..............................​..............................​..............................​..............................​..................... Hər günümü son gün kimi yaşadığım o xəstəxana korridorları.İnancımın itib,yenidən peyda olduğu o məhkəmə salonları.Allahın yadına düşmədiyim,daş kimi möhkəm,buz kimi soyuq yerdə uzandığım o sığınacaq döşəkçələri.Sözün ağızlarda donduğu şaxtalarda minik gözlədiyim,gah boz,gah da ağa,qaraya çalan Bakı küçələri.Hamısı üçün darıxıram. Hə,bir də yadıma düşmüşkən o dumanlı səhərlərdə yerindən çıxmaq istəməyn bir günəş də var idi.Hansı ki buludların dalında gizlənirdi.Mən inanmaq üçün onun tərəqqisini görmək istədim,amma heç cürə alınmırdı.Qürubundan xeyli məmnun idi günəş.Palçıq dolu küçələr və yağışın əmələ gətirdiyi,hər addımda ayaqqıbımın altını görəcəyim qədər şəffaflığa malik olan sonsuz sayda gah xırda,gah iri gölməçələr.Və ən arxa oturacaqda nəfəsimlə sildiyim şüşə və sınıq-salxaq o oturacaq.Mənə o tıxaclardakı yuxularımı qaytarın.Mənə o qızı göstərin yenidən. Ağ kurtka,mavi portfel,narıncı və buruq saçlı,şəffaf optik eynəkli qızı tapın mənə.Saçları islanmış narıncı qızı tapın mənə. Ucu bucağı görünməyən,dumanlı noyabr sabahları.Çox darıxıram.

0 rəy:

Отправить комментарий